İtaliyanın "Roma" klubu "Leyptsiq"in vingeri Antonio Nusanın transferi üçün danışıqlara başlayıb. Sport24.az xəbər verir ki, bu barədə "La Gazzetta Dello Sport" məlumat yayıb.

Mənbənin sözlərinə görə, "Roma" Meyson Qrinvud və Krezensio Sammervill transferlərinin baş tutmamasından sonra əsas diqqətini 20 yaşlı norveçli futbolçuya yönəldib. Klub rəhbərliyi artıq "Leyptsiq"lə ilkin təmas qurub.

Bundesliqa təmsilçisi Nusanın transferi üçün 60 milyon avro tələb edir və bu məbləği maksimum 55 milyon avroya endirməyə hazırdır.

Norveçli futbolçunun "Leyptsiq"lə müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir. Hazırda onun illik maaşı 2 milyon avrodan azdır. "Roma" isə futbolçuya maaşının artırılması ilə bağlı sərfəli təklif etməyi planlaşdırır.

Qeyd edək ki, Antonio Nusanın xidmətində İngiltərənin "Nyukasl" və "Arsenal" klubları da maraqlıdır. Bu səbəbdən "Roma" transferi qısa zamanda yekunlaşdırmağa çalışır.