​"Real"ın prezidentliyinə namizəd Enrike Rikelme seçki kampaniyası çərçivəsində səs-küylü açıqlamalar verib. Sport24.az xəbər verir ki, SER radiosunun "El Larguero" proqramına qonaq olan Rikelme, seçkilərdə qalib gələcəyi təqdirdə klubun idman direktoru vəzifəsini əfsanəvi sabiq futbolçu Raul Qonsalesə həvalə edəcəyini bəyan edib.

 

Rikelme Madrid klubunun yenidən öz köklərinə və DNT-sinə qayıtmalı olduğunu vurğulayıb:

 

"Bu layihə üçün məhz Raul kimi bir şəxsiyyətə ehtiyacımız var. O, 16 mövsüm ərzində Realda 740-dan çox oyuna çıxıb, 300-dən artıq qol vurub. Santyaqo Bernabeunu ondan yaxşı tanıyan yoxdur. Prezident seçilsəm, Raul klubun idman direktoru olacaq".

 

​Namizəd layihəyə cəlb olunacaq yeganə əfsanənin Raul olmadığını, komandada digər tanınmış madridlilərin də yer alacağını diqqətə çatdırıb.

 

​Rikelme transfer planlarından da danışıb. O, əsas hədəflərindən birinin Rodri olduğunu gizlətməyib:

 

"Rodri möhtəşəm futbolçudur, Qızıl top sahibidir. Onun kimi bir oyunçunu Realda görmək istərdim. Meneceri ilə əlaqə saxlamışam. Hazırda üzərində işlədiyimiz iki futbolçudan biridir".

 

Baş məşqçi məsələsinə toxunan Rikelme konkret ad çəkməsə də, namizədlərin olduğunu vurğulayıb. O, Mikel Arteta haqqında "əla məşqçi" ifadəsini işlədib, Joze Mourinyonun isə "Real"dakı uğurlu dövrünə baxmayaraq, hazırda klubun ehtiyac duyduğu məşqçi olmadığını deyib.

 

Rikelme çıxışında hazırkı prezident Florentino Peresi də tənqid edib. O, prezidentliyə namizəd olmasının əsas səbəblərindən birinin klubun gələcəkdə satılmasının qarşısını almaq olduğunu bildirib.

 

"Bu dəfə klubun satışını dayandırmaq üçün ortaya çıxdım. Mənim üçün əsas qırmızı xətt məhz budur", – deyə Rikelme qeyd edib.