​"Barselona"nın braziliyalı ulduzu Rafinya Çempionlar Liqasındakı uğursuzluqdan sonra həm rəqib azarkeşlərlə, həm də matçın hakimi ilə bağlı sərt addımları ilə diqqət mərkəzinə düşüb. Sport24.az xəbər verir ki, Çempionlar Liqasının həlledici qarşılaşmasında "Atletiko"ya məğlub olaraq turnirlə vidalaşan Kataloniya klubunun futbolçusu oyunun final fitindən sonra emosiyalarını cilovlaya bilməyib.

Madridə səfər edən "Barselona" azarkeşlərini salamlayan braziliyalı futbolçu daha sonra "Metropolitano" tribunalarına yönəlik provokativ və ironik jestlər edib. Onun davranışı ev sahibi komandanın tərəfdarları arasında gərginlik yaradıb.

Matçdan sonra mətbuata açıqlama verən braziliyalı vinger qarşılaşmanın referisi Klement Turpini də hədəf alıb:

​"Bu, sadəcə oğurlanmış bir oyun idi. Hakimlik çox aşağı səviyyədə idi. Verilən qərarlar inanılmaz idi və qətiyyən qəbul edilməzdir".

Təcrübəli oyunçu nəticənin ədalətsiz olduğunu və hakimin qərarlarının matçın taleyinə birbaşa təsir etdiyini xüsusi vurğulayıb.