İngiltərənin "Nyukasl" klubu heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır. Sport24.az xəbər verir ki, "sağsağanlar" İspaniya millisinin və "Osasuna"nın vingeri Viktor Munyosun transferində sona yaxınlaşıb.

Bu barədə insayder Fabrisio Romano "X" sosial media hesabında paylaşım edib.

Məlumata görə, "Nyukasl" futbolçu üçün "Osasuna"ya bonuslarla birlikdə 30 milyon avrodan çox təklif göndərib. Transferin gerçəkləşməsi üçün yekun qərar isə futbolçunun keçmiş klubu olan "Real" tərəfindən veriləcək.

Belə ki, madridlilər Viktor Munyosun növbəti satışından əldə olunacaq gəlirin 50 faizinə sahibdir. Bundan əlavə, "Kral klubu"nun müqavilədə futbolçunu geri almaq hüququ da mövcuddur.

Tərəflər arasında danışıqların yekun mərhələyə çatdığı və transferin yaxın günlərdə rəsmən açıqlanacağı gözlənilir.