İngiltərə Premyer Liqasında "Nottinqem Forest"in qapıçısı Con Viktor üçün "Aston Villa" ilə qarşılaşma uğursuz alınıb. Sport24.az xəbər verir ki, uzun müddətdən sonra şans qazanan braziliyalı qolkiperin yol verdiyi kobud səhv oyunun taleyinə birbaşa təsir edib.
Belə ki, cərimə meydançasını tərk edərək topu uzaqlaşdırmaq istəyən Viktor ehtiyatsızlıq edərək komanda yoldaşı ilə toqquşub. Yaranan qarışıqlıqdan istifadə edən "Aston Villa"nın kapitanı Con Makqinn topu boş qapıya göndərib.
Uğursuzluq bununla da bitməyib. Toqquşma zamanı zədələnən Viktor oyunu davam etdirə bilməyib və məcburi əvəzlənmə ilə meydanı tərk edib.
Məlumata görə, qapıçının ciddi zədəsi yoxdur və onun tezliklə sıraya dönməsi gözlənilir. Lakin yol verdiyi bu səhvdən sonra baş məşqçinin ona yenidən əsas heyətdə şans verib-verməyəcəyi sual altına düşüb.
Qeyd edək ki, qarşılaşma "Aston Villa"nın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.