Fransa Ligue 1-də mövsümün növbəti turu çərçivəsində keçirilən "Nant" – "Tuluza" matçı ciddi insidentlər səbəbindən yarımçıq dayandırılıb. Sport24.az xəbər verir ki, qarşılaşmanın gedişində vəziyyət tamamilə nəzarətdən çıxıb və stadionda böyük xaos yaşanıb.
"Nant" klubuna yaxın radikal azarkeş qruplarının etirazı kütləvi iğtişaşa çevrilib. Bir qrup ultras təhlükəsizlik baryerlərini keçərək meydana daxil olub, pirotexniki vasitələrdən istifadə edib və əşyalar atıblar.
Vəziyyət gərginləşdikdən sonra baş hakim Stefani Frappart matçı dərhal dayandıraraq hər iki komandanı soyunub-geyinmə otağına göndərib. Daha sonra yerli hakimiyyət orqanları və təhlükəsizlik qüvvələri ilə aparılan məsləhətləşmələrdən sonra matçın tamamilə ləğv edildiyi açıqlanıb.
Klubun aşağı liqaya düşməsinə etiraz edən azarkeşlərin hərəkətləri zamanı baş məşqçi Vahid Halilhodziç də hadisə yerində olub və ultraslarla üz-üzə gəldiyi bildirilir.
Polisin müdaxiləsindən sonra vəziyyət nəzarət altına alınıb, azarkeşlər tribunaya qaytarılıb və stadionda təhlükəsizlik gücləndirilib.
Qeyd edək ki, "Nant" klubunu qarşıda Fransa Futbol Federasiyası tərəfindən çox ağır sanksiyaların və böyük maliyyə cərimələrinin gözlədiyi bildirilir.