Mayın 16-da Qarabağ Dirçəliş Fondunun (QDF) təşəbbüsü və təşkilatçılığı ilə keçirilən "Dirçəliş Kuboku" xeyriyyə futbol turnirində yarımfinal mərhələsinin oyunları keçirilib. Bununla bağlı təşkil edilən mərasimdə turnirdə iştirak edən dövlət qurumlarının və şirkətlərin, eləcə də futbol ictimaiyyətinin nümayəndələri, QDF-in donor və tərəfdaşları, tanınmış idmançılar və media nümayəndələri iştirak ediblər.
Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev çıxış edərək yarımfinal mərhələsinə vəsiqə qazanan komandaları təbrik edib, onlara çox vacib oyunda uğurlar arzulayıb.
İdarə Heyətinin sədri turnirdən əldə olunan vəsaitin işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və quruculuq layihələrinə yönəldiləcəyini xatırladaraq, iştirakçı komandalara və donorlara nümayiş etdirdirdikləri sosial məsuliyyətə görə təşəkkürünü bildirib.
Sonra Rəhman Hacıyev "Dirçəliş Kuboku" xeyriyyə futbol turnirinin 2024/2025 mövsümünün finalçılarına - İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) kapitanı Fərid Hüseynov, turnirin qalibi olmuş Dövlət Neft Şirkətinin (SOCAR) komandasının kapitanı Ramin İsmayılova Fond adından xüsusi hədiyyələr təqdim edib.
Eyni zamanda hazırkı mövsümün yarımfinalına yüksələn komandaların təmsil etdikləri şirkətlərin rəhbərləri - "Avrora Qrup" şirkətinin prezidenti Ceyhun Abbasov, "Bir Ecosystem" şirkətinin baş icraçı direktoru Fərid Hüseynov, "Azerconnect Group" şirkətinin baş direktorunun müavini Dövlət Dövlətov və "Unicapital İnvestisiya" şirkətinin baş direktoru Vüqar Namazov da xüsusi hədiyyələrlə təltif ediliblər. Yarımfinalçılara ötən il tanınmış almaniyalı rəssam İnqa Şmidtin rəhbərliyi ilə gənc Azərbaycan rəssamları üçün keçirilən master-klass çərçivəsində yaradılan və Qarabağa həsr edilən rəsm əsərləri hədiyyə olunub.
Təltifetmə mərasimindən sonra yarımfinal mərhələsinin oyunlarına start verilib. İlk olaraq meydana "Unicapital" və "Bir Ekosistemi" komandaları çıxıb. Rəqibinə 2:0 hesabı ilə qalib gələn "Bir Ekosistemi" finala vəsiqə qazanıb.
"Azerconnect Group" – "Avrora Qrup" oyunu da gərgin rəqabət şəraitində keçib. Görüşün əsas hissəsi 3:3 hesablı bərabərliklə başa çatdığından qalibin adına penaltilər seriyasında aydınlıq gəlib. Burada daha dəqiq olan "Azerconnect Group" finala ikinci vəsiqəni təmin edib.
Beləliklə, turnirin 6 iyun tarixində keçiriləcək həlledici final oyununda "Bir Ekosistemi" və "Azerconnect Grup" komandaları üz-üzə gələcəklər. Eyni zamanda, digər iki yarımfinalçı bürünc medalları uğrunda mübarizə aparacaqlar.
Qeyd edək ki, "Dirçəliş Kuboku" xeyriyyə futbol turniri Qarabağ Dirçəliş Fondunun (QDF) təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) dəstəyi, "Tamstore" Marketlər Şəbəkəsinin baş sponsorluğu, "CBC Sport" telekanalının informasiya dəstəyi ilə keçirilir.
Dövlət qurumlarının və ölkəmizdə fəaliyyət göstərən aparıcı şirkətlərin 40 komandasının iştirakı ilə start verilən turnirin keçirilməsində başlıca məqsəd Qarabağın bərpası prosesinə ictimai dəstəyin gücləndirilməsi, eyni zamanda insanlar arasında ianə mədəniyyətinin təşviq edilməsi və sağlam həyat tərzinin təbliğ olunmasıdır.
Məlumat üçün onu da bildirək ki, turnirin baş sponsoru və iştirak edən komandalar tərəfindən Qarabağ Dirçəliş Fonduna ümumilikdə 115.000 manat vəsait ianə edilib və bu vəsait işğaldan azad edilmiş ərazilərdə idman infrastrukturunun yaradılmasına yönəldiləcək.

