"Bavariya"nın gənc ulduzu Camal Musiala Çempionlar Liqasında "Real" ilə oyun öncəsi iddialı açıqlama verib. Sport24.az xəbər verir ki, Almaniya təmsilçisinin yarımmüdafiəçisi komandasının yüksək formada olduğunu vurğulayaraq yarıfinala yüksələcəklərinə inandığını bildirib:
"Zehniyyətimiz hər zaman pozitiv olmalıdır. Bəli, yarı finala yüksələcəyik".
Qeyd edək ki, "Bavariya" son turda "Sent Pauli"ni məğlub edərək Bundesliqada 1971-72 mövsümündən qalma qol rekordunu (105) yeniləyib. Həmin qarşılaşmada fərqlənən Camal Musiala uzunmüddətli zədədən sonra ən yaxşı oyunlarından birini keçirib.
Klubun fəxri prezidenti Uli Höness də futbolçunun çıxışını yüksək qiymətləndirib:
"Uzun müddət zədədən əziyyət çəkdikdən sonra bu qolu vurmağa ən çox layiq olan məhz o idi".
Xatırladaq ki, heyətdəki zədə problemləri fonunda Musialanın "Real"a qarşı oyunda start heyətində meydana çıxma şansı olduqca yüksək qiymətləndirilir.