PSJ-nin hücumçusu Xviça Kvaratsxelianın atası Badri Kvaratsxeliya, Premyer Liqa klublarının maraq dairəsində olduğu barədə şayiələr fonunda oğlunun Paris klubundakı gələcəyi ilə bağlı fikirlərini bölüşüb. Sport24.az xəbər verir ki, Azərbaycan millisinin sabiq üzvü bu barədə "Kvirispalitra.ge" portalına açaıqlama verib:
"Xviça çox güclü və səviyyəli bir klubda oynayır. Burada sevilir, ona etimad göstərirlər. O, Çempionlar Liqasının son qalibi və turnirin hazırkı yarımfinalçısı olan bir komandanın əsas oyunçusudur. Niyə ayrılmağı düşünməlidir?! Əgər Paris klubu əməkdaşlığı davam etdirmək istəməzsə, biz də ayrılmağı düşünərdik. Amma hazırda bu, müzakirə mövzusu deyil. Fransa millisinin aparıcı oyunçuları ilə rəqabət aparmasına baxmayaraq, Xviça demək olar ki, həmişə start heyətində olur və PSJ rəhbərliyi onun komanda üçün əvəzolunmaz oyunçu olduğunu vurğulayır. Bəli, "Arsenal" və digər İngiltərə klublarının onunla maraqlandığını eşidirik. Lakin oğlum bu cür şayiələrə əhəmiyyət vermir. O, Avropanın ən yaxşı komandalarından birinin ən yaxşı oyunçularından biridir. O, dəyərlidir, sevilir və yaxşı oynayır - niyə klub dəyişmək barədə düşünsün?! Xviça yalnız komandanın maraqları, kluba necə kömək etmək və vətəninə şöhrət gətirmək barədə düşünür".
Qeyd edək ki, Kvaratsxeliya bu mövsüm bütün turnirlərdə 42 oyun keçirib, 16 qol vurub və 9 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 2029-cu ilin yayına qədərdir.