İtaliya A Seriyasının prezidenti Esio Mariya Simonelli ölkə çempionatının 24-cü turu çərçivəsində keçiriləcək "Milan" - "Komo" qarşılaşmasının Avstraliyada baş tutacağını təsdiqləyib. Sport24.az xəbər verir ki, o, bu barədə "Sport Mediaset"ə açıqlama verib:

 

"Milan-Komo matçı əvvəlcədən planlaşdırıldığı kimi, fevralın 8-də Pertdə keçiriləcək. Dohada FIFA prezidenti Canni İnfantino ilə görüşdüm və həmişəki kimi çox səmimi söhbət oldu. İrəli sürülən bəzi şərtlərlə bağlı bir sıra narahatlıqlarımız var idi, məsələn,  matçın Asiya Federasiyasından olan hakimlərə həvalə edilməsi tələbi...

Lakin FIFA Hakimlər Komitəsinin sədri Pyerluici Kollina asiyalı hakimlərin keyfiyyəti ilə bağlı bizi sakitləşdirdi və matçı idarə edə biləcək bir neçə peşəkarın adını çəkdi. Bu ideyanı qəbul etmək ən çətini idi. Amma Kollinanın arqumentləri sayəsində hər şeydə razılığa gəldik".

 

Qeyd edək ki, geridə qalan 15 turdan sonra aktivində 32 xal olan "Milan" ikinci, "Komo" isə 24 xalla yeddincidir.