Argentina millisinin və İngiltərənin "Aston Villa" klubunun qapıçısı Emiliano Martines 2026-cı il dünya çempionatında meydana çıxmasını təmin edən zədə və bərpa prosesi barədə maraqlı açıqlamalar verib. Sport24.az xəbər verir ki, 33 yaşlı qolkiper sağ əlindəki barmaq sınığı və iltihab səbəbindən son günlər ciddi ağrılar yaşadığını bildirib.
Buna baxmayaraq, cərrahi müdaxilədən imtina edən "Dibu" əməliyyat olunmamağın doğru qərar olduğunu və bərpa prosesini alternativ üsullarla keçdiyini deyib:
"Hazırlıq prosesi tamamilə fərqli idi, meydanda demək olar ki, heç nə edə bilmirdim. Fizioterapevtlə birlikdə gündə üç dəfə çalışdıq ki, şişkinliyi azaldaq. Çox çətin dövr idi. Bədənimin özünü sağaltmasına icazə verdim və əməliyyat olunmadım. Bu, ən doğru qərar idi. Son günlərdə çox ağrı çəkdim".
Təcrübəli qapıçı bərpa prosesinin intensivliyini vurğulayaraq maraqlı bir detala da toxunub:
"Fizioterapevt məni təxminən 75 dəfə sarıyıb".
Qeyd edək ki, zədəsinə və ağrılarına baxmayaraq, Martines Argentina millisinin heyətində Əlcəzairi 3:0 hesabı ilə məğlub etdikləri oyunda meydana çıxaraq komandasının qapısını toxunulmaz saxlayıb.