"Yuventus"un müdafiəçisi Pyer Kalulu karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər. Sport24.az xəbər verir ki, "Mançester Yunayted" və "Liverpul" fransalı futbolçunu transfer etmək istəyir.
Bu barədə insayder Nikolo Skira məlumat yayıb.
Kalulu özü İngiltərədə oynamağa isti yanaşır. 25 yaşlı mərkəz müdafiəçisi Turin təmsilçisində böyük hədəflər uğrunda mübarizə aparacağına inanmır. Buna görə o, Premyer Liqada özünü sınamaq istəyir.
Qeyd edək ki, "Yuventus" Pyer Kalulunu 2024-cü ilin yayında "Milan"dan transfer edib. Fransa millisinin üzvü bu mövsüm "ağ-qaralar"ın heyətində meydana çıxdığı 39 rəsmi matçda 2 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.