Almaniyanın "Bavariya" klubunun baş məşqçisi Vensan Kompaninin səhhəti yaxşılaşmağa doğru gedir. Sport24.az xəbər verir ki, Münhen təmsilçisini müvəqqəti çalışdıran Aaron Denks "Maynts"la səfər matçından öncə təşkil edilən mətbuat konfransında bildirib.
Kompani ilə müntəzəm əlaqə saxladıqlarını deyən Denks belçikalı mütəxəssisin əhvalının yüksək olduğunu vurğulayıb:
"Son günlər onunla telefonla bir neçə çox yaxşı söhbətimiz olub. Əhvali-ruhiyyəsi yüksəkdir və görünür, tam sağalmağa doğru irəliləyir".
Müvəqqəti baş məşqçi Kompaninin işə dönəcəyi dəqiq vaxtın hələ müəyyənləşmədiyini də əlavə edib:
"Hazırda onun qayıdışı üçün konkret tarix müəyyənləşdirməmişik. Milli komandaların oyunları ilə əlaqədar yaranacaq fasilə vəziyyəti qiymətləndirmək və nə vaxt geri dönə biləcəyini müəyyənləşdirmək üçün yaxşı fürsət olacaq".
Xatırladaq ki, oktyabrın 17-də "Leypsiq"lə matçda (6:1) özünü pis hiss edən Kompani oktyabrın 23-də ikinci komandanın məşqini izləyərkən huşunu itirərək xəstəxanaya yerləşdirilmişdi. Müayinələr zamanı beyin qişalarının qıcıqlanması diaqnozu qoyulan 40 yaşlı mütəxəssis ötən həftə evə buraxılıb.