İtaliya futbolunun və "Milan"ın əfsanəvi kapitanı Franko Barezi vəfat edib. Sport24.az xəbər verir ki, dünya futbolunun ən böyük müdafiəçilərindən biri hesab olunan sabiq futbolçu 66 yaşında dünyasını dəyişib.
Franko Barezi peşəkar karyerasının tamamını "Milan"da keçirib. O, 23 il "rossoneri"nin formasını geyinib, 15 mövsüm komandanın kapitanı olub və klubun simvollarından birinə çevrilib.
Barezi "Milan"la 6 dəfə İtaliya çempionu, 3 dəfə isə Avropa Kubokunun qalibi olub. 1997-ci ildə karyerasını başa vurduqdan sonra klub onun geyindiyi 6 nömrəli formanı dövriyyədən çıxarıb.
İtaliya millisinin heyətində 81 oyun keçirən əfsanəvi müdafiəçi 1982-ci ildə dünya çempionu adını qazanıb. O, həmçinin 1994-cü il dünya çempionatında millinin kapitanı kimi finala yüksəlib. ABŞ-də keçirilən mundialın həlledici görüşündə Braziliyaya qarşı oynayan Barezi penaltilər seriyasında zərbəni dəqiq yerinə yetirə bilməmişdi.
Zərif oyun üslubu, yüksək oyun intellekti və liderlik keyfiyyətləri ilə seçilən Franko Barezi futbol tarixinin ən yaxşı mərkəz müdafiəçilərindən biri kimi yadda qalıb. Onun vəfatı İtaliya və dünya futbolu üçün böyük itki hesab olunur.