İtaliya A Seriyasının hakimlər korpusunun rəhbəri Canluka Rokki vəzifəsindən ayrılmaq qərarı verib. Sport24.az xəbər verir ki, bu haqda İtaliya mediası xəbər yayıb.
Məlumata görə, bu addım Milan prokurorluğunun başladığı araşdırmadan sonra atılıb. Rokkinin dələduzluq və hakim təyinatlarında mümkün manipulyasiya şübhələri ilə araşdırıldığı bildirilir. Həmin təyinatların "İnter" klubuna sərfəli olduğu iddia edilir.
Funksioner dərhal qüvvəyə minən qərarla özünü vəzifədən uzaqlaşdırdığını açıqlayıb. Qeyd olunub ki, bu addım İtaliya Hakimlər Assosiasiyası ilə razılaşdırılıb və istintaq dövründə hakimlər korpusunun normal fəaliyyətini təmin etmək məqsədi daşıyır.
Rokki bəyanatında bildirib: "Baş verənləri və hakimlər korpusunun maraqlarını nəzərə alaraq, dərhal qüvvəyə minən şəkildə özümü vəzifədən uzaqlaşdırmaq qərarı verdim. Bu çətin addımdır, amma məhkəmə prosesinin sakit keçməsinə imkan verəcək. Nəticədə günahsız olduğumu sübut edəcəyimə inanıram".