İngiltərənin "Arsenal" futbol komandasının baş məşqçisi Mikell Arteta Premyerliqanın 34-cü turunda "Nyukasl" ilə qarşılaşmada (1:0) qazanılan qələbəni şərh edib. Sport24.az xəbər verir ki, mütəxəssis rəqibin oyunboyu etdiyi dəyişikliklərə və komandasının müdafiə xəttindəki çıxışına diqqət çəkib.
Arteta "Nyukasl"ın heyətindəki beş əvəzetmənin sanki on dəyişiklik kimi hiss olunduğunu bildirib:
"Onlar davamlı olaraq oyuna yeni futbolçular daxil edirdilər. Biz qalib gəlməyə məcbur idik. Üstünlüyümüz o qədər də böyük olmasa da, bunun öhdəsindən gəldik. Birinci və ikinci hissələrdə müəyyən məqamlar yaşandı. Biz nizam-intizam, iradə və müdafiədə savadlı oyun nümayiş etdirdik".
Baş məşqçi hücumdakı bəzi çatışmazlıqları da qeyd edib:
"Əgər oyunda tam üstünlük qurmaq istəyiriksə, topla daha yaxşı davranmalıyıq. Bu, hücumların sonlandırılmasına da aiddir. Çox vaxt əlverişli mövqe yaxalasaq da, hücumumuz qırılır. Ən əsası isə belə vəziyyətlərə düzgün reaksiya verməkdir".