"Mançester Yunayted" və "Liverpul" "Borussiya Dortmund"un yarımmüdafiəçisi Feliks Nmeçanı transfer etməyi nəzərdən keçirirlər. Sport24.az xəbər verir ki, bu barədə "TEAMtalk" məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, "Mançester Yunayted" qış "transfer pəncərəsi" ərəfəsində variantları dəyərləndirərkən, artıq 26 yaşlı alman futbolçunun nümayəndələri ilə əlaqə saxlayıb. "Liverpul" isə "Bornmut" oyunçusu Aleks Skottun transferi baş tutmayacağı təqdirdə, Nmeçanı ona alternativ kimi görür.

 

Hamburqda anadan olan, "Mançester Siti" akademiyasının yetirməsi olan Nmeça "Borussiya" ilə müqaviləsinin müddətini 2030-cu ilin iyununa qədər uzadıb. Futbolçunun sözləşməsində 80 milyon avro sərbəst qalma bəndi var ki, o da 2027-ci ilin yayında qüvvəyə minəcək. Klub hazırda futbolçunun dəyərini 90 milyon ilə 99,9 milyon avro arasında qiymətləndirir.

 

Qeyd edək ki, 2025/26 mövsümündə yarımmüdafiəçi 47 oyunda 6 qol vurub və 3 məhsuldar ötürmə edib.