"Əl-Nəsr"in heyətində Səudiyyə Ərəbistanı çempionatının ikiqat qalibi Hüseyn Əl-Süleymani Kriştiano Ronaldonun komanda üçün artıq problemə çevrildiyini söyləyib. veteran futbolçu bu barədə MBC 1 kanalına açıqlamasında bildirib.
"Hamı "Əl-Nəsr"in probleminin nə olduğunu bilir, lakin buna göz yumurlar. Şübhəsiz ki, hamı Ronaldonun böyük futbolçu olduğu ilə razılaşar, amma bunu bir kənara qoysaq, əsas sual budur: o, hazırda komandaya, xüsusilə də gərgin rəqabətli oyunlarda həqiqətən fayda verirmi? Hücumçunun yeganə vəzifəsi qol vurmaq deyil. Onun başqa öhdəlikləri də var. Sadəcə bir qol vurub, oyunun qalan hissəsində komandanın zəif halqasına çevrilmək olmaz.
Biz məsələnin texniki tərəfindən danışırıq. Ronaldo əla futbolçudur, lakin artıq oyunun gedişatına təsir edəcək gücdə deyil. "Əl-Nəsr"ə meydanda sadəcə 90 dəqiqə "mövcud olan" biri yox, müstəqil qərarlar qəbul edə bilən hücumçu lazımdır. Düzü, qoy "Əl-Nəsr" azarkeşləri Ronaldonun 1000-ci qolunu vurmasına imkan versinlər və bununla da məsələni bağlayaq.
Ronaldonun 1000-ci qolunu vurması "Əl-Nəsr"ə nə qazandıracaq? Bu, kluba yeni titullar gətirəcəkmi? Mən söhbəti təkcə "Əl-Əhli" ilə oyundan (1:3 hesablı məğlubiyyət) deyil, mövsümün əvvəlindən bəri keçirilən bütün matçlardan salıram. Heç kim Ronaldonun azarkeşlərindən qorxduğu üçün bu barədə danışmır, amma o, "Əl-Nəsr" üçün bir maneədir. Mənimlə razılaşmayanların kim olduğu isə hamıya məlumdur".