"Real"ın yarımmüdafiəçisi Eduardo Kamavinqa Fransa millsinin heyətinə düşməməsinə görə son dərəcə məyus olub. Sport24.az TEAMtalk-a istinadən xəbər verir ki, 23 yaşlı futbolçu bu səbəbdən Madrid klubundan ayrılmaq istəyir.
Mənbənin sözlərinə görə, Kamavinqanın agentləri transfer bazarını fəal şəkildə araşdırır və klublarla danışıqlar aparır. Qeyd olunur ki, ötən həftə "Mançester Yunayted" və "Liverpul" fransız futbolçunun vəziyyəti ilə bağlı məlumat istəyiblər, çünki hər iki komanda onu uzun müddətdir izləyir. "Real" Kamavinqanı satmağa hazırdır və onun transferini 57,5 milyon avro dəyərində qiymətləndirir.
Qeyd edək ki, Kamavinqa bu mövsüm bütün turnirlərdə 42 oyunda meydana çıxıb, 2 qol vurub və 1 məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2029-cu ilin yayına qədərdir. "Transfermarkt" portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 50 milyon avrodur.