"Turan Tovuz"un futbolçusu Xəyal Nəcəfov Sport24.az-a müsahibə verib.


- "Şamaxı"ya məğlub oldunuz. Oyunla bağlı fikirləriniz necədir?
- Çətin olacağını bilirdik. "Şamaxı"ya qarşı oyunlarımız hər dəfə çətin keçir. İstər Tovuzda, istərsə də Şamaxıda bu cür olur. Bu dəfə də meydana qələbə üçün çıxmışdıq. Təəssüf ki, bunu etmək bizdə alınmadı. Halbuki qalib gəlmək üçün hər şeyi etdik.

 

- Birinci hissədə oyununuz heç cürə alınmırdı. Bu nə ilə bağlı idi? Avrokuboklara vəsiqəni təmin etmişdiniz deyə, fikriniz dağınıq idi?
- Xeyr, avrokuboklara vəsiqəni təmin etməyimizin buna heç bir təsiri yox idi. Çünki hər oyuna qələbə üçün çıxırıq. Sadəcə rəqib ardıcıl bizi məyus etdi. Bu oyunumuza təsir etdi. Üstəlik, hakimlik də istədiyimiz kimi deyildi. Bu səbəbdən mən də daxil olmaqla komanda yoldaşlarım referiyə çox etiraz edirdik. Bu da oyunumuza təsirini göstərdi.

 

- Ümumiyyətlə, meydanda aqressivlik çox idi. Bəlkə hər iki komanda hədəfinə çatmışdı deyə, belə idi...
- İddia qalmamışdı deyəndə, avrokuboklara vəsiqəni təmin etmişiksə, bu o demək deyil ki, oynamayacağıq. Aqressiya olmalıdır. Amma bu qədər olacağını gözləmirdik. Çünki 1-2 epizodda hakim səhvi oldu. Qayda pozuntusu var idi, amma fitini səsləndirmirdi. Ona görə də, hər bir futbolçuda aqressivlik var idi.

 

- "Sabah" kuboku götürdüyü üçün "Turan Tovuz" Konfrans Liqasına 2-ci təsnifat mərhələsindən başlayacaq. Nəyə ümid edirsiniz, 1-2 mərhələ keçə bilərsiz?
- Allah qoysa, sürpriz komanda olarıq. İkinci təsnifat mərhələsindən başlamağımız bir tərəfdən də yaxşı oldu. Hər bir oyuna qələbə üçün çıxacağıq.

 

- Kurban Berdiyevin yetərincə avrokubok yaxşı təcrübəsi var...
- Kurban Berdiyev çox təcrübəli mütəxəssisdir. O, istər burada, istər əvvəlki klublarında adından söz etdirən məşqçidir. Bizə çox kömək olacaq.