Fransa millisinin və PSJ-nin hücumçusu Usman Dembele "Qızıl top - 2025" mükafatını qazandıqdan sonra klubundan müqavilə şərtlərinin yaxşılaşdırılmasını istəyib. Sport24.az xəbər verir ki, bu barədə "L"Equipe" nəşrinə istinadən məlumat yayıb.

 

Fransa nəşrinin məlumatına görə, hazırda PSJ-nin idman müşaviri Luiş Kampuş ilə futbolçunun maraqlarını təmsil edən Mussa Sissoko arasında danışıqlar davam edir.

 

Paytaxt klubu fransız hücumçunun komandada qalmasında maraqlıdır, eyni zamanda komandanın uğurunun kollektiv xarakter daşıdığını vurğulayır. Mövcud müqaviləyə əsasən, "Barselona"nın sabiq futbolçusu vergilər çıxılmadan illik 18 milyon avro maaş alır. İddia olunur ki, futbolçu bu məbləğin 30 milyon avroya qədər artırılmasını istəyir.

 

Qeyd edək ki, geridə qalan mövsümdə Dembele bütün turnirlərdə 53 oyunda iştirak edib, 35 qola və 16 məhsuldar ötürməyə imza atıb. O, PSJ-nin heyətində Çempionlar Liqasının, Liqa 1-in, Fransa Kubokunun və Superkubokunun qalibi olub.