2011-2013-cü illərdə Çin millisinin baş məşqçisi olmuş Xose Antonio Kamaço, Kilian Mbappenin Mao Zedunla bağlı bir "mem"ə (internet zarafatına) münasibəti səbəbindən Çin və "Real arasında yaranan qalmaqala dair fikirlərini bölüşüb. Sport24.az xəbər verir ki, təcrübəli mütəxəssis bununla bağlı AS nəşrinə açıqlama verib:

 

"Çinlilər həmişə deyirlər ki, sən onların qaydalarına, həyat tərzinə və etdikləri hər şeyə uyğunlaşmalısan. Onlar özlərini hər cəhətdən dünyanın ağası hesab edirlər və orda işləmək heç də asan deyil".

İspaniyalı məşqçi qeyd edib ki, ona heç vaxt qadağan olunmuş mövzuların rəsmi siyahısı verilməsə də, o, yüksək vəzifəli şəxslərlə, o cümlədən İdman naziri ilə görüşlər keçirib. Bu müzakirələr zamanı ona ölkənin hansı fəlsəfəyə sadiq qaldığı aydın şəkildə çatdırılıb.

 

Kamaço həmçinin "Real"a və Mbappeyə yaxşı vəkillər tapmağı tövsiyə edib. Onun sözlərinə görə, Çin tərəfi dərhal hərəkətə keçir, bundan sonra isə məsələni FİFA, UEFA və ya digər müvafiq təşkilatlarla həll etmək artıq sizin öhdənizə düşür.

 

Qeyd edək ki, "The Bridge" adlı onlayn şouda iştirak etməzdən əvvəl Mbappe bir video yazdırıb. Həmin videoda ondan özünün yer aldığı ən sevdiyi "mem" barədə soruşulub. Fransalı futbolçu Çin diktatoru kimi təqdim etdiyi bir şəxsin olduğu görüntünü xatırlayıb. Videoda daha sonra Mao Zedunun üzərinə hücumçunun simasının yerləşdirildiyi montaj olunmuş şəkil nümayiş etdirilib.