FIFA prezidenti Canni İnfantino 211 milli assosiasiyanı Azərbaycana dəvət edir. Sport24.az xəbər verir ki, FIFA ilk dəfə U-15 dünya çempionatı və futbol festivalı təşkil edəcək.
Yeni yarışın əsas özəlliklərindən biri FIFA-ya üzv olan 211 milli assosiasiyanın hamısının iştirak üçün dəvət olunmasıdır.
Beləliklə, dünyanın bütün futbol bölgələrindən olan yeniyetmə futbolçuların Azərbaycanda bir araya gəlməsi nəzərdə tutulur.
İnfantino yeni layihə ilə bağlı çıxışında futbol rəhbərlərinin daha az danışmalı, uşaqların isə daha çox futbol oynamasına şərait yaradılmalı olduğunu bildirib:
"Biz, futbol rəhbərləri çox danışırıq. Bəzən bəlkə də daha az danışmalı və bunun əvəzinə topun danışmasına icazə verməliyik. Bu, uşaqların oynamasına icazə vermək deməkdir. Bu il ilk dəfə olaraq 211 ölkənin hamısının dəvət olunduğu 15 yaşadək futbolçular arasında dünya çempionatını təşkil edirik".
Qeyd edək ki, U-15 dünya çempionatı və festivalı bu il 22-31 oktyabrda ölkəmizdə təşkil ediləcək.