Uruqvay millisinin baş məşqçisi Marselo Byelsa komandasının DÇ-2026 ilə erkən vidalaşmasının ardından vəzifəsindən ayrılacağını açıqlayıb. Sport24.az xəbər verir ki, 70 yaşlı mütəxəssis İspaniyaya 0:1 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransında çıxış edib.
Byelsa nəticələrə görə bütün məsuliyyəti üzərinə götürdüyünü bildirib:
"Uruqvay futboluna heç nə vermədim. Üç il bir ölkədə işləyib nəticə qazana bilməyən məşqçi öz töhfəsindən danışa bilməz. Dünya çempionatındakı çıxışımızı isə ümumiyyətlə izah etməyə ehtiyac yoxdur".
2023-cü ildən Uruqvay millisini çalışdıran argentinalı mütəxəssis komandanın potensialını ortaya qoya bilmədiyini etiraf edib:
"Yeddi xal qazana bilərdik, amma cəmi iki xal topladıq. Bu, mənim işimin nəticəsidir. Bu futbolçuları güclü komandaya çevirə bilmədim. Dünya çempionatındakı uğursuzluğa görə bütün məsuliyyəti üzərimə götürürəm".
Byelsa həmçinin bildirib ki, İspaniya ilə oyunda qapıçı Fernando Muslera öz istəyi ilə fasilədə əvəzlənib. Yarımmüdafiəçi Federiko Valverdenin əvəzlənməsi isə komandanın hücum xəttini gücləndirmək məqsədi daşıyıb.
Qeyd edək ki, Uruqvay millisi qrup mərhələsində Səudiyyə Ərəbistanı ilə 1:1, Kabo Verde ilə 2:2 hesablı heç-heçələr edib, son turda isə İspaniyaya 0:1 hesabı ilə uduzaraq dünya çempionatı ilə vidalaşıb.