"Beşiktaş" hücumçu Duşan Vlahoviçə ultimatum verib. Sport24.az xəbər verir ki, bu barədə "Diario Sport" məlumat yayıb.
26 yaşlı hücumçu Türkiyə klubuna keçmək üçün danışıqlar aparırdı. Ona ildə 8 milyon avro maaşla üç illik müqavilə təklif olunmuşdu.
Lakin Ferran Torresin PSJ-yə keçəcəyi ilə bağlı xəbərlər yayıldığı üçün Vlahoviç özünü "Barselona"ya təklif edib və maaş tələblərini azaltmağa hazır olduğunu bildirib. Kataloniyalılar serbiyalı ilə maraqlanır, lakin ispaniyalı satılana qədər təklif göndərməyi planlaşdırmırlar.
"Beşiktaş" hücumçu ilə danışıqları yekunlaşdırmaq istəyir. Ona görə də Vlahoviçə cavab vermək üçün bir gün vaxt verilib. Oyunçu cavab verməsə, İstanbul klubu alternativ variantlar üzərində işləyəcək.
Qeyd edək ki, Madrid "Atletiko"sunun da Vlahoviçlə maraqlandığı bildirilir. Lakin ispanlar da hələlik oyunçunun agentləri ilə əlaqə saxlamayıblar.