"Barselona" 37 yaşlı hücumçu Robert Levandovskiyə məvacinin əhəmiyyətli dərəcədə azaldılması ilə bir illik müqavilə uzadılması təklif edəcək. Sport24.az Sport.es-ə istinadən xəbər verir ki, polşalı hücumçunun Kataloniya klubundakı gələcəyini müəyyən edən əsas məqam onun baş məşqçi Hans-Dieter Flik ilə qarşıdan gələn görüşü olacaq.

 

Mənbənin sözlərinə görə, rəhbərlik Levandovskinin aprelin sonu və ya mayın əvvəlində cavabını gözləyəcək. Vurğulanır ki, hücumçunun yeni müqavilə üzrə əmək haqqı təxminən 50 faiz azaldılacaq. Levandovski "Barselona"da özünü rahat hiss edir və burada daha ikinci dərəcəli rolda qalmağa hazırdır.

 

Qeyd edək ki, hücumçu bu mövsüm bütün turnirlərdə 37 oyunda meydana çıxıb, 16 qol vurub və 3 məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2026-cı ilin yayına qədərdir. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 8 milyon avrodur.