Kosovo millisinin və "Hoffenhaym"ın hücumçusu Fisnik Asllani sosial şəbəkədə paylaşımı ilə diqqət çəkib. Sport24.az xəbər verir ki, 23 yaşlı futbolçu uşaqlıq illərində "Barselona" forması ilə çəkilmiş fotolarını izləyiciləri ilə bölüşüb.
Asllani paylaşımında eyni məkanda illər sonra yenidən çəkdirdiyi fotoları da yayımlayıb. Hücumçu şəkillərə "Eyni yer, fərqli zaman" sözlərini əlavə edib.
Kosovalı futbolçunun bu paylaşımı azarkeşlər arasında müxtəlif müzakirələrə səbəb olub. Bir çoxları bunu Asllaninin "Barselona"ya simpatiyasının növbəti göstəricisi kimi dəyərləndirib. O, Kataloniya klubuna olan sevgisini daha əvvəl də gizlətməyib.
Bununla belə, futbolçunun gələcəyinin "Barselona" ilə deyil, Almaniya nəhəngi "Borussia" ilə bağlı olduğu bildirilir. Almaniya mətbuatının məlumatına görə, Dortmund təmsilçisi Asllaninin transferinə çox yaxındır və tərəflər arasında danışıqlar müsbət istiqamətdə davam edir.
Qeyd edək ki, Fisnik Asllani hazırda "Hoffenhaym"ın formasını geyinir və ötən mövsüm nümayiş etdirdiyi performansla bir sıra Avropa klublarının diqqətini cəlb edib.