4 mart tarixi futbol camiəsində Argentina üçün uğurlu tarixdir. Sport24.az xəbər verir ki, 1941-ci ilin 4 martında Argentina yığması Amerika Kubokunun qalibi olub.
1941-ci ildə təşkil edilən Amerika Kuboku sayca 16-cı olub. Çilinin Santiyaqo şəhərində təşkil edilən turnirdə 5 komanda iştirak edib. Fevralın 2-si start götürən Amerika Kuboku uğrunda Argentina, Uruqvay, Çili, Peru və Ekvador yığmaları mübarizə aparıblar. Bütün rəqiblərini məğlub etməyi bacaran Argentina Kubokun qalibi olub. Bununla da Argentina altıncı çempionluğunu yaşayıb. İkinci pillədə Uruqvay, üçüncü yerdə isə Çili yığması qərarlaşıb.
Turnirin bombardiri 6 qolla Argentina yığmasının üzvü Xuan Marvezzi olub. Turnirə martın 4-də yekun vurulub.