La Liqanın 15-ci turunda "Real" Madrid səfərdə "Atletik" Bilbaonun qonağı olub. San-Mamesdə keçirilən qarşılaşma "kral klubu"nun 3:0 hesablı qələbəsi ilə başa çatıb. Madrid təmsilçisinin qollarını Kilian Mbappe (2) və Eduardo Kamavinqa vurub.
Bu nəticə ilə xalını 36-ya yüksəldən "Real" turnir cədvəlində ikinci pillədəki yerini möhkəmlədib.
Sport24az xəbər verir ki, son oyunlarda start heyətin dəyişməz adlarından biri olan Türkiyə millisinin futbolçusu Arda Güler bu dəfə matça ehtiyat oyunçular skamyasında başlayıb. Gənc ulduz 5 matçdan sonra ilk dəfə "11-lik"də yer almayıb. O, görüşün 69-cu dəqiqəsində Kamavinqanı əvəz edərək oyuna daxil olub.
Matçdan sonra keçirilən mətbuat konfransında baş məşqçi Xabi Alonsoya Arda Gülerin niyə start heyətdə olmaması barədə sual ünvanlanıb. İspan mütəxəssis qərarının sırf rotasiya ilə bağlı olduğunu bildirib: "Üç gündən bir oynayırıq. Bu gün üçün belə bir qərar verdik. Bellingem ilə bir-birini tamamlamamaları barədə deyilənlər isə doğru deyil. Əlbəttə ki, onlar meydanda bir-birini başa düşürlər".