"Mançester Yunayted" Maurisio Poçettinonu baş məşqçi təyin etmək istiqamətində səylərini gücləndirib. İngilis klubu argentinalı mütəxəssisin milli komandadan ayrılması ehtimalını müzakirə etmək üçün artıq ABŞ Futbol Federasiyası ilə rəsmi əlaqə saxlayıb. Sport24.az xəbər verir ki, bu barədə "The Athletic" nəşri məlumat yayıb.

 

"Yunayted" Maykl Kerrikin vəzifəsindən uzaqlaşdırılması ehtimalına nəzərə alaraq, 54 yaşlı məşqçi ilə müqavilə hazırlayır. Çərşənbə axşamı Mançester klubunun nümayəndələri Poçettinonun agentləri ilə maliyyə şərtlərini müzakirə ediblər və hazırda ABŞ federasiyası ilə danışıqlara keçiblər.

 

Poçettinonun ABŞ milli komandası ilə müqaviləsi 2030-cu qədər qüvvədədir. Müqaviləyə vaxtından əvvəl xitam verilməsi üçün ABŞ Futbol Federasiyası təxminən 10 milyon dollar məbləğində kompensasiya tələb edə bilər.

 

Poçettino hazırda milli komanda ilə birlikdədir. ABŞ yığması gələn həftə KONKAKAF Millətlər Liqası çərçivəsində Haiti ilə  iki oyun keçirməlidir. "Mançester Yunayted" onun bu qarşılaşmalarda komandaya rəhbərlik etməsinə icazə verməyə hazırdır.

 

Bu arada, cümə axşamı keçiriləcək məşqə Maykl Kerrikin rəhbərlik edəcəyi gözlənilir. Klub rəhbərliyi Monakodakı görüşlərdən qayıtdıqdan sonra Kerrikə vəzifəsindən azad edildiyi barədə şəxsən məlumat veriləcəyi ehtimal olunur.

 

Qeyd edək ki, Poçettino 2024-cü ilin sentyabrından etibarən ABŞ millisinə rəhbərlik edir. Onun rəhbərliyi altında komanda bu yay keçirilən Dünya Çempionatında (turnirə ev sahibliyi edən ölkələrdən biri kimi) iştirak edib və 1/8 final mərhələsinə qədər irəliləyib.