Bu gün Milli Olimpiya Komitəsinin inzibati binasında MOK-un İcraiyyə Komitəsinin (İK) iclası keçirilib. Sport24.az xəbər verir ki, İcraiyyə Komitəsinin iclasını MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə açaraq, İK üzvlərini gündəlikdəki məsələlərlə tanış edib.

 

Gündəliyə Paris-2024 Yay Olimpiya Oyunlarında medal qazanan idmançılarımızın aşılanmaya məruz qalmış və yenisi ilə əvəz olunmuş medallarının Olimpiya mükafatçılarına təqdim edilməsi, MOK-un layihələri və proqramları haqqında hesabat, Milan-Kortina-2026 Qış Olimpiya Oyunlarının yekun nəticələri, komanda idman növlərinə nəzarəti daha da artırmaq məqsədilə yeni Ekspertlər Şuranın yaradılması, Atlanta-1996 Yay Olimpiya Oyunlarının 30 illik yubileyinin təntənəli keçirilməsi və cari məsələlər daxil edilib.

 

Tədbirdə çıxış edən Çingiz Hüseynzadə Paris-2024-ün gümüş medalçısı taekvondoçu Qaşım Maqomedovun və yunan-Roma güləşçisi Həsrət Cəfərovun qazandığı bürünc medalların aşılanması səbəbindən yenisi ilə əvəz olunduğunu bildirmişdir. "Paris Olimpiadasında medal qazanan idmançılarımızdan ikisinin medallarında müəyyən problemlər yaranmışdı. Bununla bağlı Təşkilat Komitəsi ilə uzunmüddətli yazışmalar aparıldı. Məsələ öz müsbət həllini tapdıqdan sonra Qaşım Maqomedov və Həsrət Cəfərovun yenilənmiş medalları Bakıya gətirildi. Bu səbəbdən qərara aldıq ki, həmin medalları İcraiyyə Komitəsinin iclasında təqdim edək", - deyə Çingiz Hüseynzadə bildirib. 

 

İclasda Paris-2024 Yay Olimpiya Oyunlarında medal qazanan idmançılarımızın aşılanmaya məruz qalmış və yenisi ilə əvəz olunmuş medalları Olimpiya mükafatçıları yunan-Roma güləşi üzrə Həsrət Cəfərova və taekvondoçu Qaşım Maqomedova təqdim edilib.

 

Çingiz Hüseynzadə İtaliyanın Milan və Kortina Ampetso şəhərlərinin ev sahibliyi etdiyi XXV Qış Olimpiya Oyunlarının yekun nəticələrindən danışıb: "Milan-Kortina-2026 Qış Olimpiya Oyunları ölkəmizin iştirak etdiyi səkkizinci Qış Olimpiadası idi. Ölkəmiz ilk dəfə 1998-ci ildə Yaponiyanın Naqano şəhərində keçirilən Qış Olimpiya Oyunlarında təmsil olunub və o vaxtdan etibarən ardıcıl olaraq bütün Qış Olimpiadalarında iştirak edib. Budəfəki Olimpiadada iki idmançımız - Vladimir Litvintsev fiqurlu konkisürmə, Anastasiya Papatoma isə dağ xizəyinin slalom növündə yarışıblar.


Vladimir Litvintsev fevralın 10-da Milan şəhərində yerləşən "Mediolanum Forum" arenasında qısa proqramda yarışaraq, 63.63 balla çıxışını başa vurub. Bu nəticə ilə o ilk 24-lüyə düşə bilmədiyindən fevralın 13-də keçirilən sərbəst proqram yarışlarına vəsiqə qazanmayıb. Digər təmsilçimiz Anastasiya Papatoma fevralın 18-də dağ xizəyinin slalom yarışlarında mübarizə aparıb. Anastasiya ilk cəhdini 96 idmançı arasında 59-cu yerdə tamamlayıb. Bu nəticə ilə Azərbaycan təmsilçisi ikinci mərhələdə də iştirak etmək imkanı əldə edib. Təmsilçimiz ikinci cəhdində 64 iştirakçı arasında finiş xəttini keçərək, hər iki cəhdin yekunlarına əsasən XXV Qış Olimpiya Oyunlarının dağ xizəyi yarışlarında çıxışını 51-ci yerdə başa vurub. Onun göstəricisi ölkəmiz üçün Qış Olimpiya Oyunlarının slalom yarışlarında tarixi nəticə hesab olunur".

 

İcraiyyə Komitəsinin iclasında Çingiz Hüseynzadə Atlanta-1996 Yay Olimpiya Oyunlarının bu il 30 illik yubileyinin olacağını bildirib. O, deyib ki, Milli Olimpiya Komitəsi bu yubileyin təntənəli sürətdə qeyd olunması üçün tədbirlər planı hazırlayıb.

 

MOK-un beynəlxalq proqramlar idarəsinin müdiri Ceyhun Rəhmanov iclasın gündəliyinə uyğun olaraq MOK-un layihələri və proqramları haqqında hesabatla çıxış edib.

 

İclasda həmçinin, MOK-un Atletlər Komissiyasının sədri Fəridə Əzizovanın səsvemə hüququ olmadan İcariyyə Komitəsinin iclasında daimi iştirakı, komanda idman növlərinə nəzarəti daha da artırmaq məqsədilə MOK-un İcraiyyə Komitəsinin nəzdində Ekspert Şurasının yaradılması və digər cari məsələlər barədə qərarlar qəbul edilib.