"Sabah keçiriləcək yarışda ümumilikdə 24 komanda start xəttinə çıxacaq" Sport24.az xəbər verir ki, bunu Azərbaycan Velosiped İdmanı Federasiyasının birinci vitse-prezidenti, Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışının Təşkilat Komitəsinin sədri Sahib Ələkbərov mətbuat konfransında bildirib.
Qurum rəsmisi bildirib ki, yarışlarda maksimum icazə verilən komanda sayı 25-dir:
"Yarışda İtaliya, İspaniya, Malayziya, Türkiyə, Estoniya, Çin, Kolumbiya, Mərakeş, Polşa və digər ölkələri təmsil edən komandalar mübarizə aparacaqlar. Azərbaycanda belə beynəlxalq yarışlar həmişə uğurla keçirilib. Təəssüf ki, müəyyən problemlər səbəbindən belə yarışların keçirilməsi dayandırılmışdı. Bu il yarışları bərpa etmək fürsəti tapdıq. Qərara gəldik ki, yarışın coğrafiyasını genişləndirək və Bakıda başlayıb Xankəndidə bitirək. 5 mərhələdən ibarət yarış Azərbaycanın 21 şəhərindən keçir".
Qeyd edək ki, mayın 10-da start götürəcək Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışında dünyanın 20 ölkəsini təmsil edən 24 komanda iştirak edəcək. Beş gün davam edəcək yarışın əsas məqsədi Azərbaycanda velosiped idmanının inkişafına töhfə vermək, ölkəmizin beynəlxalq idman arenalarında nüfuzunu daha da artırmaq və regionun idman turizmi potensialını tanıtmaqdır.