Beynəlxalq Buz Xokkeyi Federasiyası (IIHF) Rusiyanı 2023-cü ildəki xokkey üzrə dünya çempionatına ev sahibliyindən məhrum edib.

Sport24.az xəbər verir ki, bu barədə federasiyanın mətbuat xidməti məlumat yayıb. Məlumatda qeyd olunur ki, yarışın keçirilməsi üçün yeni ölkə müəyyənləşdiriləcək.

Beynəlxalq idman yarışının 2023-cü ilin mayında Sankt-Peterburqda keçirilməsi planlaşdırılmışdı. Məlumatda alternativ ev sahibi ölkənin gələn ay müəyyənləşdiriləcəyi qeyd olunub. 

Fevral ayında IIHF özünün təşkil etdiyi yarışlarda Rusiya və Belarusun milli və klub səviyyəsindəki komandalarının iştirakını qadağan edib və Rusiyanın 2023-cü ildə azyaşlılar arasında keçiriləcək dünya çempionatına ev sahibliyi hüququnu da əlindən alıb.

Rusiya qoşunları fevralın 24-dən Ukraynaya hücuma keçiblər. Bu hücum bütün dünyada kəskin etirazlara səbəb olub. Bu hücumdan sonra Rusiyaya qarşı bir çox sanksiyalar tətbiq edilməyə başlanıb. Həmçinin, Rusiyanın və onun müttəfiqi olan Belarusun müxtəlif idman növləri üzrə komandaları da qadağalarla üzləşib.