Azərbaycan Respublikasının Əməkdar Məşqçisi, mərhum Mirəli Seyidovun xatirəsinə həsr olunmuş "Kyokuşin (Kay) Senşi Karate" üslubu üzrə karate turniri keçirilib. Sport24.az xəbər verir ki, yarışda ölkənin müxtəlif bölgələrini təmsil edən 400-ə yaxın idmançı müxtəlif yaş və çəki dərəcələrində mübarizə aparıb.
Turnirin açılış mərasimində Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin xatirəsi yad olunub.
Tədbirdə çıxış edən Azərbaycan Karate Federasiyasının prezidenti Ülvi Quliyev Mirəli Seyidovun Azərbaycan karate idmanının inkişafında mühüm xidmətləri olduğunu bildirib. O, mərhum məşqçinin gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsində böyük rol oynadığını vurğulayıb.
Turnir çərçivəsində Mirəli Seyidovun ailə üzvlərinə plaket və fəxri sertifikatlar təqdim olunub, bir sıra məşqçi və idmançılar mükafatlandırılıblar.