Mövsümün sonunda "Yuventus"la müqaviləsi başa çatan Duşan Vlahoviç karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər. Sport24.az xəbər verir ki, "Arsenal" serbiyalı hücumçunun xidmətində maraqlıdır.
Bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb.
London təmsilçisi yayda azad agent statusunda olacaq Vlahoviçi heyətinə qatmaq istəyir. "Topçular" yaxın vaxtlarda 26 yaşlı forvardla danışıqlara başlamağı planlaşdırır.
Qeyd edək ki, "Yuventus" Duşan Vlahoviçi 2022-ci ilin yanvarında "Fiorentina"dan transfer edib. Serbiya millisinin üzvü cari mövsümdə "ağ-qaralar"ın heyətində meydana çıxdığı 22 rəsmi matçda 8 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.