Azərbaycanın kamandan oxatma yığması Türkiyədə açıq havada keçiriləcək Avropa çempionatında iştirak edəcək. Sport24.az xəbər verir ki, bu barədə Azərbaycan Kamandan Oxatma Federasiyası məlumat yayıb.

 

Bildirilib ki, qitənin ən nüfuzlu yarışında ölkəmizi Yaylagül Ramazanova, Məhəmmədəli Əliyev, Fatimə Hüseynli, Lalə Əbdürəhmanova, Sərdar Vəliyev və Nurlan Rəhimli təmsil edəcəklər.

 

Çempionatın proqramına uyğun olaraq, idmançılar fərdi, komanda və qarışıq növlərdə hədəf qarşısına keçəcəklər.

 

Oxatanlar çempionata sistemli və yüksək səviyyədə hazırlıq çərçivəsində Quba Olimpiya İdman Kompleksində Belarus millisinin üzvləri ilə birgə məşqlər keçiblər. Komanda mayın 3-dən etibarən hazırlıq prosesini Antalyada, bilavasitə çempionatın keçiriləcəyi məkanda beynəlxalq təlim-məşq toplanışı ilə davam etdirib.

 

Qeyd edək ki, yarış mayın 18-dən 24-dək Antalya şəhərində keçiriləcək.