Kişi karateçilərdən ibarət Azərbaycan millisinin baş məşqçisi Şahin Atamovun İdman.biz-ə müsahibə verib. Sport24.az həmin müsahibəni sizə təqdim edir.
- Növbəti Azərbaycan çempionatı başa çatdı. Yarışı necə şərh edərdiz?
- Çempionat çox yüksək səviyyədə keçdi. Yaxşı seçimlər oldu. İdmançılar özlərini göstərə bildilər. Böyüklərdə potensiallı və gənc karateçilər seçildi və inanıram ki, onlar bizi yanıltmaz. Məqsədimiz Azərbaycan çempionatının səviyyəsini yüksəltməkdir. Bəzi karateçilər bu yarışı saymırdılar, döyüşmürdülər. Amma artıq çempionatın vacibliyi gündəm oldu.
- Seçim üçün yaxşı yarış olduğunu bildirdiz. Konkret olaraq, sizi hansı çəkilərdəki mübarizə yaxşı mənada təəccübləndirdi?
- Çox qeyri-adi nəsə olmadı. Gözlədiyimiz karateçilər yer tutdular. Ümumi götürsək, hər şey yaxşıdır.
- Yaxşı, sualı başqa cür verək. Sizə görə çempionatın tapıntısı kim oldu?
- 18-20 yaşlı gənclər böyüklərdə iştirak etdi və yaxşı nəticələr göstərdi. Bu bizim üçün sevindirici haldır. Onlardan Rəşid Süleymanov (75 kq) qızıl medal qazandı. Vahid Həsənovun (+84 kq) da adını çəkə bilərəm. Bunlar bizim üçün həqiqətən də uğurdur. Yığmaya gənc və potensiallı idmançılar lazımdır.
- Bəs kimin çıxışı sizi daha çox məyus etdi?
- Belə məqam olmadı.
- Azərbaycan karatesində hazırkı rəqabət sizi qane edir?
- Hazırda karatemizdə elə də güclü rəqabət yoxdur. Düzdür, son illərə baxsaq, artıq rəqabət var. Əvvəl heç yox idi. Bir nömrələrimizə qarşı isə hələlik zəifdirlər. 60 kq-da 3 potensiallı idmançımız var. 67 kq-da Tural Ağalarzadə bir nömrədir. O, zədəyə görə yarışa çıxmadı. Hüseyn Məmmədli çempion oldu. Çox yaxşı karateçidir, son Avropa çempionatının bürünc medalçısıdır. Getdiyi bütün yarışlardan nəticə ilə dönür. Gələcəyi parlaqdır və ona inanırıq. Hüseynlə bərabər bu çəkidə Nurlan Rzazadə var ki, o da yaxşı gələcək vəd edir. 75 kq-da lider Fərid Ağayev idi. İndi Rəşid Süleymanov onunla rəqabət aparır. Düzdür, hər ikisi gəncdir, təcrübə tərəfdən də zəif ola bilərlər. Hər halda rəqabət bizim üçün vacibdir və onların bu komandada olması böyük uğurdur. 84 kq-da təəssüf ki, Turqut Həsənov təkdir. +84 kq-da isə favoritimiz Asiman Qurbanov idi. Çox sevindirici haldır ki, Vahid Həsənov da bu çəkiyə gəldi və uğurlu idmançıdır.
- Siz və Rafael Ağayev kimi güclü karateçilərin davamçılarını yenidən görməyə nə qədər vaxt lazımdır?
- Bunun üçün əlimizdən gələni edirik. Çox çalışıram ki, komandamız yüksək nəticələr əldə etsin. Düzdür, çox çətindir. Karateçilərin bir müəllimdən digərinə keçidi ağır, uzun çəkən prosesdir. Hərənin öz planı və strategiyası var. Amma düşünürəm ki, yavaş-yavaş komandamız bizdən də yaxşı nəticələr əldə edəcək. Bunun üçün sadəcə zaman lazımdır. Amma inanıram ki, 2025-ci ildə böyük uğurlar əldə edəcəyik.