Azərbaycanlı triatlonçu Teymur Fərəcov sentyabrın 14-də Fransanın Nitsa şəhərində keçiriləcək Ironman üzrə dünya çempionatında iştirak etmək hüququ qazanıb. Sport24.az xəbər verir ki, o, Almaniyanın Hamburq şəhərində keçirilən "Ironman" üzrə Avropa çempionatındakı çıxışı sayəsində mötəbər yarışa vəsiqəni təmin edib.

 

Fərəcov 3,8 km üzgüçülük, 180 km şosse velosipedi və 42,2 km klassik marafonda "dəmir məsafəni" (9 saat 27 dəqiqə 22 saniyə) qət edərək triatlonçularımız arasında yeni rekord müəyyənləşdirib.

 

Triatlonçumuz 40-44 yaşlı iştirakçılar arasında turnir cədvəlində 22-ci yeri tutmaqla dünya çempionatında iştirakını rəsmiləşdirib.

 

Qeyd edək ki, Teymur Fərəcov "Ironman" üzrə dünya çempionatına vəsiqə qazanan ilk azərbaycanlıdır.