Bakı 2026-cı il Üzgüçülük üzrə Dünya Kuboku turunun start məntəqəsi olacaq və bununla da Azərbaycan tarixində ilk dəfə "World Aquatics" (Su idman növləri üzrə beynəlxalq federasiya) tədbirini qəbul ediləcək. Sport24.az xəbər verir ki, bu barədə "World Aquatics"in nümayəndəsi Torin Koos məlumat verib.
Onun sözlərinə görə, 2025-ci ildə Şimali Amerikada rekord göstəricilərlə keçən Üzgüçülük üzrə Dünya Kubokundan sonra tur yenidən şərqə - Asiyaya yönəlir və Çinin paytaxtı Pekində keçiriləcək Üzgüçülük Çempionatının (25 m) 18-ci buraxılışı üçün əsas hazırlıq mərhələsi rolunu oynayacaq:
"Üzgüçülər şəxsi rekordlar, dünya rekordları, "triple crown" bonusları və 2026-cı il Dünya Kubokunun ən yaxşı kişi və qadın üzgüçüləri üçün nəzərdə tutulan titullar uğrunda mübarizə aparacaqlar.
Tur Bakı şəhərindən başlayacaq. Tarixən Avropaya ipək, ədviyyat və digər mallar daşıyan karvanların əsas dayanacağı olan Bakı şəhərinin ticarət və mədəni mübadilə tarixi yarışın beynəlxalq xarakterini simvolik şəkildə əks etdirir."
Qeyd edək ki, Bakı bu tur üçün yalnız başlanğıc nöqtəsi deyil, həm də Azərbaycanın ilk dəfə "World Aquatics" tədbirinə ev sahibliyi etməsi faktı ilə seçilir. Bununla belə, Bakı Su İdmanı Sarayı iri beynəlxalq turnirlər üçün yeni məkan deyil. Arena daha əvvəl 2015 Avropa Oyunlarına, 2017 İslam Həmrəyliyi Oyunlarına və 2019 Avropa Gənclər Yay Olimpiya Festivalına ev sahibliyi edib.
Azərbaycan Üzgüçülük Federasiyasının prezidenti Zaur Əliyev Bakının seçilməsini ölkə idmanı üçün mühüm hadisə kimi qiymətləndirib:
"Bakı şəhərinin Üzgüçülük üzrə Dünya Kuboku 2026-nın açılış dayanacağı kimi seçilməsi ölkəmizdə akvatik idman üçün əlamətdar mərhələdir. Su İdmanı Sarayı son on il ərzində bir sıra iri beynəlxalq tədbirləri qəbul edib və ilk dəfə "World Aquatics" yarışına ev sahibliyi etmək ambisiyalarımızı yeni səviyyəyə qaldırır. Dünyanın ən güclü üzgüçülərini Azərbaycanda qarşılamağı, idmanın inkişafına sadiqliyimizi nümayiş etdirməyi, gənc idmançıları ruhlandırmağı və "World Aquatics" ilə tərəfdaşlığımızı gücləndirməyi səbirsizliklə gözləyirik".