İtaliyada keçirilən "Tour de Ski" yarışlarında erməni xizəkçi Mikael Mikaelyan qalmaqalla gündəmə gəlib. Sport24.az xəbər verir ki, o, yarış vaxtı formasının üzərində yer alan "Azərbaycan" yazısını yapışqan lentlə bağlayıb.
Bu hərəkətinə görə idmançı Beynəlxalq Xizək və Snoubord Federasiyası (FIS) tərəfindən cərimələnib.
Sözügedən yazı titul sponsorluğu ilə bağlıdır. 2025-ci ilin may ayında FIS ilə Azərbaycanın Dövlət Turizm Agentliyi arasında beş illik əməkdaşlıq müqaviləsi imzalanıb. Razılaşmaya əsasən, dünya kubokunun bir sıra mərhələlərində idmançıların geyimlərində "Azərbaycan" adı yerləşdirilir.
Hadisə İtaliyanın Toblah şəhərində baş verib. İsveçin "Expressen" nəşrinin məlumatına görə, Mikaelyan baş verənlərlə bağlı geniş şərh verməkdən imtina edib və oxşar sanksiyaların təkrarlanacağı təqdirdə, yarışları boykot edəcəyi ilə hədələyib.
İdmançının həmin yarışlardakı nəticələri uğurlu olmayıb. Belə ki, o, müvafiq olaraq mükafat yerlərindən uzaq – 72-ci, 87-ci və 118-ci yerləri tutub.
"Tour de Ski" yarışları çərçivəsində Azərbaycanın reklamı təkcə idmançıların formalarında deyil, eyni zamanda, tras boyunca da geniş şəkildə nümayiş etdirilib.
2026-cı ilin yazında Azərbaycan mogul üzrə dünya kubokunun mərhələsinə ev sahibliyi edəcək. Yarışlar 14-15 mart tarixlərində Şahdağda keçiriləcək.