Bu gün “APASport” idman agentliyinin yaranmasından 15 il ötür.
“APA Group” MMC-yə daxil olan “APASport” İnformasiya Agentliyi 2007-ci il martın 5-də yaranıb. Azərbaycan dilində fəaliyyət göstərən “APASport” Azərbaycanda yaranmış ilk idman agentliyidir. “APASport”un internet ünvanı www.apasport.az-dır.
Agentlik Azərbaycan və dünya idmanının bir çox sahələrini əhatə edən operativ xəbərlər yaymaqla yanaşı, idman ictimaiyyətinin maraqlı simalarından eksklüziv müsahibələr hazırlayır, müxtəlif mövzularda araşdırmalar aparır, unikal statistikalara yer verir.
“APASport” 2007-ci və 2009-cu illərdə Gənclər və İdman Nazirliyi tərəfindən ölkənin ən yaxşı idman agentliyi seçilib. Hər il müxtəlif federasiyalar tərəfindən yarışların işıqlandırılmasında göstərdiyi fəaliyyətə görə mükafatlandırılıb.
2010-cu, 2013-cü və 2015-ci illərdə Azərbaycan İdman Jurnalistləri Assosiasiyası tərəfindən ən yaxşı idman saytı seçilib.
Agentlik ölkədə keçirilmiş böyük yarışların, o cümlədən 2015-ci ildə Bakıda təşkil olunan I Avropa Oyunlarının işıqlandırılmasında xüsusi fəallıq göstərib. Məhz bunun nəticəsində "APA Group" I Avropa Oyunlarını ən yaxşı işıqlandıran media şirkətlərindən biri kimi mükafata layiq görülüb. Həmçinin, Belarusun paytaxtı Minskdə baş tutan II Avropa Oyunları da agentlik tərəfindən birbaşa yerindən işıqlandırılıb. Bunun nəticəsində agentliyin əməkdaşı Azərbaycan Gənclər və İdman naziri tərəfindən fəxri fərmanla təltif edilib. Bakıda təşkil olunan İslam Həmrəyliyi Oyunları, Gənclərin Yay Olimpiya Festivalı, həmçinin müxtəlif növlər üzrə dünya və Avropa çempionatları da “APASport” üçün prioritet tədbirlər olub.
Agentliyin Azərbaycan futbol, voleybol və digər idman növləri üzrə klublarının, milli komandalarımızın dünya və Avropa səviyyəsində keçirilən rəsmi görüşlərinə, eləcə də yoldaşlıq oyunlarına ezam olunan əməkdaşları onlayn reportajlar hazırlamaqla yanaşı, həmin qarşılaşmalardan sonra baş məşqçi və komanda üzvlərinin görüşlə bağlı fikirlərini oxuculara təqdim edir. Həmin yarışlardan hazırlanmış videogörüntülər və fotosessiyalar agentliyin saytında yerləşdirilir.
Eyni zamanda, “APASport”, ardıcıl 2 dəfə Medianın İnkişafı Agentliyi tərəfindən onlayn media subyektlərinə (veb-saytlara) dəstək layihəsi çərçivəsində elan edilmiş müsabiqənin qalibləri sırasında yer alıb.
Sport24.az kollektivi “APASport”dan olan həmkarlarımızı yubiley münasibətilə təbrik edir, daha böyük yaradıclıq uğulrarı arzulayır.