Abşeron Olimpiya İdman Kompleksində təşkil olunan Avropa Cüdo Ümidləri Turnirində Avropa Cüdo Birliyinin (EJU) idman komissarı, Olimpiya mükafatçısı Rüstəm Orucov jurnalistlərə açıqlama verib. Sport24.az xəbər verir ki, turnirin yüksək səviyyədə təşkil olunduğunu bildirən R. Orucov bu yarışın gənc cüdoçular və məşqçilər üçün böyük təcrübə imkanı yaratdığını vurğulayıb:
"Biz bura Avropa Cüdo Birliyinin nümayəndələri kimi gəlmişik. Təşkilatçılıq ən yüksək səviyyədə qurulub. Çoxsaylı beynəlxalq turnirlərdə iştirak etsəm də, belə mükəmməl hazırlığa nadir hallarda rast gəlinir. Bu yarışın əsas məqsədi gənc idmançıların təcrübə qazanmasına şərait yaratmaqdır. Burada klub məşqçilərinə də imkan yaradırıq ki, öz peşəkar vərdişlərini və təcrübələrini artırsınlar".
Azərbaycan təmsilçilərinin imkanlarını dəyərləndirən EJU rəsmisi yerli cüdoçulardan yalnız çempionluq gözlədiyini diqqətə çatdırıb:
"Sözsüz ki, bizim idmançılardan gözləntim yalnız qızıl medallardır. Özünüz də görürsünüz ki, uşaqlarımız fiziki baxımdan xarici rəqiblərini üstələyirlər və inanıram ki, uğur qazanacaqlar".
R. Orucov turnir çərçivəsində təşkil edilən ustad dərslərinin əhəmiyyətindən də söz açaraq, xarici mütəxəssislərin iştirakının gənclərin inkişafında böyük rol oynadığını bildirib:
"Mükafatlardan savayı, burada ən mühüm məqam qazanılan təcrübədir. Yaponiyadan üçqat dünya çempionu, Olimpiya mükafatçısı, eləcə də İtaliyadan Olimpiya mükafatçısı olan mütəxəssislər dəvət etmişik. Onlar burada gənclər üçün xüsusi ustad dərsləri keçirlər. Bu, yeniyetmə cüdoçuların inkişafı üçün müstəsna əhəmiyyət daşıyır və zənnimcə, belə tədbirlərin sayı artırılmalıdır".