Dünya çempionatının Bakıda keçirilməsi cüdosevərlər üçün böyük bayram olacaq. Sport24.az xəbər verir ki, bu sözləri Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatına həsr olunmuş mətbuat konfransında deyib.

 

O, Olimpiya çempionu Hidayət Heydərovun çəki dəyişikliyi ilə bağlı məsələyə də münasibət bildirib: "Biz ona şans verdik və 81 kiloqram çəki dərəcəsində çıxışını yoxladıq. Gördük ki, o, bu çəkidə də uğurla güləşə bilir. Lakin bu, Hidayətin 81 kiloqramda qalacağı anlamına gəlmir. O, növbəti yarışlarda yenidən əsas çəki dərəcəsi olan 73 kiloqramda mübarizə aparacaq".

 

Elnur Məmmədli Elcan Hacıyevin vəziyyəti barədə də məlumat verib: "Elcanın durumu bəllidir. O, zədə səbəbindən əməliyyat olundu. Təəssüf ki, təlim-məşq toplanışı zamanı çiynindən yenidən zədə aldı. Hazırda isə məşqlərə qayıdıb".

 

Federasiya rəsmisi dünya çempionatı üçün yekun heyətə seçim meyarlarından da danışıb: "Seçim meyarları bəllidir. Buraya Dünya Cüdo Turunda əldə olunan nəticələr, idmançının reytinqi və məşq prosesində verilən tapşırıqların nə dərəcədə yerinə yetirilməsi daxildir. Bütün bunlar məşqçilər heyəti tərəfindən müzakirə olunur və yekun qərar qəbul edilir."

 

Qeyd edək ki, dünya çempionatı oktyabrın 4-11-də təşkil olunacaq.