"Böyük Dəbilqə" turnirinin yenidən burada, gözəl Bakı şəhərimizdə keçiriləcəyini elan etmək mənim üçün böyük şərəfdir". Sport24.az xəbər verir ki, bunu Azərbaycan Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyev yarışın rəsmi saytına açıqlamasında deyib.
Federasiya rəhbəri Azərbaycanın cüdo dünyasında qabaqcıl ölkələrdən birinə çevrilməkdə olduğunu bildirib: "Paris-2024" Yay Olimpiya Oyunlarında Hidayət Heydərov və Zelim Kotsoyevin qazandıqları qızıl medallar xalqımıza böyük qürur hissi yaşatdı. Bu nailiyyətlər Azərbaycanın cüdo dünyasının qabaqcıl ölkələrindən birinə çevrilmək yolunda olduğunu təsdiqləyir. Bu uğurların əsasında Prezident İlham Əliyevin idmanın inkişafına verdiyi daimi dəstək dayanır. Tarixi mərhələlərə çatdıq və yeni standartlar müəyyənləşdirdik. Ölkənin hər yerində yüksəkkeyfiyyətli təlim-məşq bazaları yaradılıb ki, bu da Azərbaycanın hər bir cüdoçusuna, hətta ucqar rayonlarda belə, öz bacarıqlarını artırmaq imkanı verir. Məqsədimiz təkcə tatamidə çempionlar yetişdirmək deyil, həm də sağlam və güclü gənclərin inkişafına kömək etməkdir".
Rəşad Nəbiyev belə bir mötəbər yarışın təşkilində göstərdiyi etimada və dəstəyə görə Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizerə səmimi minnətdarlığını bildirib: "Bu hadisəni qeyd edərkən biz həm də 2026-cı ili böyük həyəcanla gözləyirik. Həmin ildə Bakı dünya çempionatına ev sahibliyi edəcək və ölkəmizin dünya cüdo ictimaiyyətindəki yerini daha da möhkəmləndirəcək".
Qeyd edək ki, "Böyük Dəbilqə" turniri fevralın 14-16-da Milli Gimnastika Arenasında keçiriləcək.