Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən cüdo üzrə Avropa çempionatı davam edir.

Sport.az xəbər verir ki, yarışın üçüncü günündə Azərbaycan millisinin 3 cüdoçusu tatamiyə çıxacaq.

Onlardan ikisi 90 kq, biri 100 kq çəkidə mübarizə aparacaq.

Kişilər

90 kq

Murad Fətiyev ilk görüşündə Yamal Petqrave (Böyük Britaniya) ilə qarşılaşıb və qalib gəlib. Yığma üzvü ardınca Giorgi Jabniaşvilidən də (Gürcüstan) güclü olub.

Elcan Hacıyev Yosip Buliç (Xorvatiya) və Tristani Mosaxlişvili (İspaniya) məğlub edərək, 1/4 finala yüksəlib. O, bu mərhələdə Laşa Bekauri (Gürcüstan) ilə üz-üzə gəlib və mərhələ adlayıb. Hacıyev yarımfinalda da qarşısıalınmaz olub. Cüdoçumuz Aleks Kreta (Rumıniya) üzərində qələbə sayəsində finala vəsiqə qazanıb.

100 kq

Zelim Kotsoyevin startda Adnan Xankanı (BCF Qaçqınlar Komandası) məğlub edib. O, ardınca Simeon Katarinadan (Niderland) güclü olub. Kotsoyev 1/4 finalda Cennaro Pirelli (İtaliya) ilə görüşü də aktivinə yazıb. Təəssüf ki, cüdoçumuz yarımfinalda Matvey Kanikovskiyə (AİN) uduzub. Zelim bürünc medal uğrunda Mixael Korrellə (Niderland) münasibətinə aydınlıq gətirəcək.

Qeyd edək ki, çempionatın ilk iki günündə Azərbaycan cüdoçuları iki medal qazanıblar. Hidayət Heydərov (73 kq) 4-cü dəfə Avropa çempionu olub, Balabəy Ağayev (60 kq) gümüş mükafata yiyələnib.