"World Snooker Tour" yeddiqat dünya çempionu, Ronni O"Sallivanı 2023/2024 mövsümünün ən yaxşı oyunçusu elan edib.

Sport24.az xəbər verir ki, idmançını jurnalistlər və azarkeşlər də ən yaxşı seçiblər.

Ötən həftə başa çatmış dünya çempionatında qalib olan Kayren Vilsonun Şeffild zəfəri ilin performansı elan edilib. Çinli oyunçu He Quoqiang ilin ən yaxşı debütantı seçilib. O, "British Open"də 1/4 finala yüksəlmişdi. Çinli snukerçi Zhang Anda "İlin sıçrayışı" nominasiyasında qalib olub. İlin ən yaddaqalan anı ingilis Şon Merfinin "Shoot Out" turniri tarixində ilk maksimumu elan edilib. Bundan başqa 2023-cü il dünya çempionu belçikalı Luka Bresel və ingilis Daniel Blan snukerin "Şöhrət Zalı"na salınıblar.

Xatırladaq ki, 2024-cü il dünya çempionatının finalında 32 yaşlı Kayren Vilson Cek Consu (dünya reytinqinin 44-cüsü) 18:14 hesabı ilə məğlub etmişdi.