Qazaxıstanın Astana şəhərində cüdo üzrə "Böyük dəbilqə" turnirinə start verilib.

Sport24.az xəbər verir ki, yarışın ilk günündə Azərbaycan millisinin yeddi cüdoçusu tatamiyə çıxıb.

Onlardan dördü bürünc medal uğrunda mübarizə aparıb. Bu idmançılardan isə ikisi bir-biri ilə qarşılaşıb və onlardan Kamran Süleymanov 3-cü yeri tutub.

Kişilər
60 kq

Əhməd Yusifov Dauren Syukenov (Qazaxıstan), Yam Volzak (İsrail) və Miçele Auqusto (Braziliya) üzərində qələbələri sıralayaraq yarımfinala adlayıb. O, finala vəsiqə uğrunda görüşdə Yunq Vey Yanqa (Çin Taypeyi) məğlub olub. Təmsilçimiz üçüncülük duelində Yeldos Smetovla (Qazaxıstan) görüşüb. Rəqib qalib gəldiyindən həmyerlimiz 5-cü olub.

Nazir Talıbov isə yarımfinala gedən yolda Yonatan Çaron (Kuba), Maqjan Şamşadin (Qazaxıstan) və Aybek Omirovu (Türkmənistan) məğlub edib. O, finalın bir addımlığında neytral statuslu Ramazan Abdulayevə uduzub. Bu görüşdə zədələnən Talıbov bürünc uğrunda qarşılaşmaya çıxmayıb.

66 kq
Azərbaycanın iki cüdoçusu bürünc uğrunda görüşdə üz-üzə gəlib. Kamran Süleymanov Erbol Amasbekov (Qırğızıstan), Julyen Fraskadore (Kanada) və Straxindja Bunçiçə (Serbiya) qarşı görüşləri qələbə ilə başa vurub. O, yarımfinalda italiyalı Matteo Pirasa uduzaraq bürünc uğrunda qarşılaşmada qüvvəsini sınayıb.

Ruslan Paşayev Matej Polyak (Slovakiya) və Qusman Kirqizbayevə (Qazaxıstan) qalib gəlsə də, 1/4 finalda Lukas Saaya (Finlandiya) məğlub olub. Təsəlliverici görüşdə Sərdar Rəhimova (Türkmənistan) qalib gələn təmsilçimiz bürünc qarşılaşmasında komanda yoldaşı ilə qarşılaşıb. Bu dueldən Kamran Süleymanov üstün ayrılıb və fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

Qadınlar
48 kq

Leyla Əliyeva Jibek Jaksıbay (Qazaxıstan), Tare Babulfat (İsveç) və Nataşa Ferreyra (Braziliya) üzərində qələbələrlə yarımfinala yüksəlib. O, bu mərhələdə neytral statuslu Sabina Gilyazovaya uduzub. Əliyeva bürünc medal üçün türkiyəli Tuğçe Bederlə görüşüb və məğlub olub.

57 kq
Açelya Toprak ilk görüşdə Pixle Salonenə (Finlandiya) uduzub.

Fidan Əlizadə Dina Muxanbata (Qazaxıstan) qalib gəlsə də, olimpiya çempionu Rafaela Silvaya (Braziliya) məğlub olub.

Qeyd edək ki, millimiz Astanaya 12 kişi və 3 qadın cüdoçu ilə yollanıb.