Cüdo üzrə növbəti Bakı "Böyük Dəbilqə"si sabah start götürür. Üç gün ərzində 31 ölkədən 110-u kişi, 73-ü qadın olmaqla 183 cüdoçunun çıxış edəcəyi mübarizədə ölkəmiz 40 cüdoçu ilə təmsil olunacaq. Kişilərin yarışına 28, yəni maksimum sayda qatıldığımız halda, qadınlarda 22 nəfərlik heyət müəyyənləşib.

Bu yazıda sözügedən turnir barədə ətraflı söhbət açacaq, idmançılarımızın turnirdəki perspektivlərinə aydınlıq gətirməyə calışacağıq.

Öncə Bakı "Böyük Dəbilqə"sinin tarixinə qısa ekskursiya edək

Mərhum prezident Heydər Əliyevin xatirəsinə həsr olunmuş cüdo üzrə "Böyük dəbilqə" turniri bu idman növündə böyük nüfuza malik, ciddi əhəmiyyət təşkil edən yarışdır. Hər il turnir diqqətləri özünə toplayır, təşkili ölkədə cüdo bayramına çevrilir. Maraqlıdı, bəs Bakı “Böyük Dəbilqə”si öz startını haradan götürür? Yarış bu günə qədər hansı yolu keçib, nələrlə yada qalıb?

Başlanğıcda 3 qızıl!

Bakı “Böyük Dəbilqə”si bu il beşinci dəfə qapılarını cüdosevərlərə açacaq. İlk yarış isə 2013-cü ildə keçirilmişdi. Buna qədər Qran-Pri seriyasından olan turnirə ev sahibliyi edən paytaxtımız Rio-De-Janeyronun dünya çempionatının təşkilati məsəslələrində üzləşdiyi çətinlikdən dolayı imtinasından sonra daha nüfuzlu olan sözügedən yarışın təşkilatçılıq hüququna yiyələndi. 25 ölkədən 190 cüdoçunun iştirak etdiyi ilk turnirdə millimizlə yanaşı Fransa, Gürcüstan, Monqolustan, Rusiya kimi cüdo yığmaları mübarizə aparırdı. Yarış paytaxtın ən gözəgəlimli idman komplekslərindən olan "Sərhədçi"də keçirildi. Açılış mərasimində Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov, Beynəlxalq Cüdo Fedrasiyasının prezidenti Marius Vizer, Azərbaycan Cüdo Federasiyasının prezidenti Füzuli Ələkbərov və digər nüfuzlu idman xadimləri iştirak edirdi. Ev sahibi qismində çıxış edən millimiz reqlamentə uyğun olaraq turnirə geniş heyətlə qatılmışdı. Hər çəkidə iki-üç cüdoçumuz çıxış edirdi. İki günlük mübarizənin ilk günündə çəkisi 48, 52, 57, 63 kiloqram olan qadın və 60, 66, 73 kq-da çəki dərəcəsində yer alan cüdoçular ən güclüləri müəyyənləşdirdi. Mümkün 7 qızıl biri ölkəmizin olmaqla, altı ölkə arasında bölündü. Qadınlar arasında Türkiyədən Ebru Şahin, Finlandiyadan Yana Sundberq, Almaniyadan Miryam Roper, İsraildən Yarden Gerbi, kişilərdə isə Monqolustandan Amartuşvin Daşdavaa, Davadoorj Tumurkuleq və təmsilçimiz Rüstəm Orucov qalib adına yiyələndi. Cüdoçularımızdan Nicat Şıxəlizadə gümüş, Kifayət Qasımova və Hüseyn Rəhimli bürünc medal qazandı. İkinci gün yığmamızın üzvləri üçün daha uğurlu oldu. Şahin Qəhrəmanov və Elxan Məmmədovun qızıl medalına Elmar Qasımov bürünc əlavə edir. Digər "qızıl"lar isə ikisi Braziliyanın olmaqla, dörd ölkənin aktivinə yazılır. "Sambaçılar"dan Mariya Suelen və Valter Santos, Kanadadan Kellita Zupançiç, Macarıstandan Joo Abigel və Gürcüstan Levan Tsiklauri Bakı "Böyük Dəbilqə"sinin ilk qalibləri sırasında olur.  Beləliklə, yekun nəticədə 3 qızıl, 1 gümüş, 3 bürünc medalla yığmamız turniri birinci sırada başa vurur.   2014-cü il - Orxan Səfərov zirvədə!

Turnirin ikinci ilində 45 ölkədən 290 cüdoçu - 187-si kişi, 103-ü qadın - paytaxtimıza təşrif buyurur. Üstəlik, ötənilkinə nisbətdə aparıcı yığmalar daha güclü cüdoçularla təmsil olunurdu ki, bu da turnirə olan marağın ikiqat artmasını şərtləndirən başlıca amil idi. Onlar arasında son dünya çempionu Urantsetseq Munkbat, məşhur avstriyalı Sabrina Filzmozer, isralli Saqi Muki, kanadalı Antuan Value Fortyi, qazaxıstanlı dünya çempionu Maksim Rakov kimi cüdoçular var idi. Üç gün ərzində keçirilən yarışda ölkəmiz adına yeganə qızıl medalı finalda komanda yoldaşı Vüqar Şirinlini məğlub etməklə, 60 kiloqram çəki dərəcəsində çıxış edən, son Rio mundialının bürünc mükafatçısı Orxan Səfərov qazandı. Vüqar Şirinlidən sonra digər gümüşü Elxan Məmmədov, bürünc medalları isə Kifayət Qasımova, Rüstəm Orucov və Məhəmmədəli Mehdiyev əldə etdi. Komanda hesabında ən yüksək nəticəni hamısı qadınların yarışında qazanılan üç qızıl medalla Fransa göstərdi. 10 ölkə arasında bölünən digər qızıllardan ikisi Hollandiyanin aktivinə yazıldı, qalanlarını isə Monqolustan, Avstriya, İsrail, Rusiya, Böyük Britaniya, Tunis, Qazaxıstan, Koreya bölüşdürdü.   Nicat və Rüstəmin çempionluq sevinci

Yarışın üçüncü ilində iştirakçı sayı daha da artır. 50 ölkənin iştirak etdiyi turnirdə 228-i kişi, 155-i qadınlar arasında olmaqla 383 nəfər mübarizə aparır. Hacıağa Hacıəhmədovun rəhbərlik etdiyi Azərbaycan yığma komandası 23 kişi, 12 qadın cüdoçu ilə təmsil olunur. Əvvəlki turnirlərdən fərqli olaraq bu dəfə Yaponiya millisi də turnirdə iştirak edirdi. İlk yarış günü cüdoçularımız üçün bir qızıl medalla yadda qalır ki, bu uğura iki il öncəki turnirin gümüş mükafatçısı Nicat Şıxəlizadə imza atır. Nicat finalda ötən ilki turnirin qalibi Kolin Oatesi "ippon"la üstələyir. İkinci gün də qızıl medalla əlamətdar olur. İlə möhtəşəm start verən ard-arda üç Qran Prini qalib tamamlayan 73 kiloqram çəkili Rüstəm Orucov qızıl seriyasını Bakıda da davam etdirir. Gərgin rəqabətin getdiyi çəkidə Orucov iki olimpiya mükafatçısını - macarıstanlı Mikloş Unqvari və Monqolustan təmsilçisi Nyam Oşir Sainjarqalı məğlub etməklə bu uğura imza atır. Son günün final proqramında iki cüdoçumuz tatami üzərinə çıxır. Elmar Qasımov finalda, Elxan Məmmədov üçüncülük qarşılaşmasında mübarizə aparırdı. Hər iki cüdoçumuz müvafiq olaraq Rusiyadan Adlan Bisultanov və portuqaliyalı Xorxe Fonsekaya uduzur. Bununla da yığmamız turniri 2 qızıl, 1 gümüş medalla tamamlayır. Həmçinin, Rusiya və Rumıniya iki baş mükafatata sahib çıxır. Digər səkkiz qızıl medal Hollandiya, Qazaxıstan, Yaponiya, Macarıstan, Avstriya, Böyük Britaniya, Braziliya və Ukrayna arasında bölünür. Bu nəticələrlə müvafiq olaraq 500 və 300 xal əldə edən Rüstəm Orucovla Elmar Qasımov dünya reytinqində ilk sırada möhkəmlənir.

Yorğunluğun gətirdiyi uğursuzluq

Ötən il isə nisbətən zəif alınır. 80-ə yaxın öllkənin iştirak etdiyi mübarizədə yığmamız sadəcə iki bürünc medalla yadda qalır. Bunlar da 66 kiloqramda çıxış edən Tərlan Kərimov və 73 kiloqramdakı təmsilçimiz Rüstəm Orucovun adına yazılır. Mütəxəssislər bu nəticəni, yığmanın əsas diqqəti Olimpiadaya yönəltməsi və sıx qrafiklə bağladılar. 

Böyük məşqçi uğursuzluğu unutduracaqlarını deyir

Yığmanın böyük məşqçisi Fərhad Məmmədov dünən saytımıza müsahibəsində bu il daha uğurlu olacaqlarını bildirdi. O, əsas üzvlərlə birgə yığmaya yeni qoşulan gənclərin doğma divarlar arasında uğurlu çıxış edəcəyinə inandığını qeyd etdi. 

Bunun üçün potensial varmı?

Əvvəla onu qeyd edək ki, bu il turnirin iştirakçılarının sayı ilə yanaşı iddialı cüdoçular da azdı. Məsələn, dörd çəki üzrə reytinq lideri özümüzkülərdi. Elxan Məmmədov isə Elmardan sonra 100 kiloqramda ikincidi. Nisbətdə xeyli iddiasız hesab edilən qadın millimizin iştirakçı və favorit azlığından istifadə edəcəyi, fəxri kürsüdə yer alacağı istisna deyil. Bir neçə cüdoçumuz birbaşa medal şansı verən mərhələdən 1/4 finaldan yarışa qoşulur. 

Turnirdə əsas ümidlər isə heç şübhəsiz ki, yuxarıda adıçəkilən əvvəlki qalib, mükafatçılaradı. 

Kişilərin 60 kiloqram çəki dərəcəsində Orxan Səfərov yığmanın lideridirsə, gənclərin dünya çempino Natiq Qurbanlı və Avropa Kubokunun mükafatçısı Oruc Vəlizadə medala iddialıdı. Nisbətən təcrübəsiz Mehman Sadıqovun bəxti isə elə püşkdəcə gətirməyib. Rəqib güclü Yaponiya təmsilçisi Toru Şişimedi. 

66 kiloqrada əsas diqqət həmişəki kimi, Nicat Şıxəlizadədədi. Digər üç təmsilçiyə - İlkin Babazadə, Vüqar Şirinli və Emil Həsənova gəldikdə, onların şanslarını təqribən eyni götürmək olar.

73 kiloqramda yerli publika üçün, bəlkə də, ümumi nəticədən çox Rüstəm Orucovla Hidayət Heydərov rəqabətinin tsikl ərzindəki ikinci mərhələsi önəmlidi. Ümumən yapon Riki Nakayi, gürcü Laşa Şavdatuaşvili və monqol Qanbat Odbayaarın iştirakının gərgin rəqabət mühiti yaratdığı mübarizədə digər iki təmsilçimizin nəticə qazanacağı inandırıcı görünmür.

81 kiloqram ilk baxışda əvvəlki çəkiyə nisbətdə zəif təsir bağışlasa da, etiraf edək ki, təmsilçilərimizin potensialı da kifayət qədər aşağıdı. Konkret medal proqnozu vermək çətindi.

90 kiloqramda Aslan Mirzəyevi çıxmaqla, digər cüdoçularımız beynəlxalq arenada xeyli yarış təcrübəsinə malikdi. Xüsusən də "Rio- 2016"- nın yeddincisi, ötən il isə gərgin mübarizədə sözügedən turnirin medalını son anda əldən verən Məhəmmədəli Mehdiyevi qeyd etmək lazımdı. 24 yaşlı idmançını çəkinin dörd əsas favoritindən biri də hesab etmək olar. Beynəlxalq Cüdo Federasiyasının "Dünya turu" seriyasından olan əvvəlki yarışlarda yer tutan Tural Safquliyevin nəticə qazanması isə, çəkisini yeni dəyişən Əbdülhəqq Rəsulluya nisbətdə daha real görünür. 

100 kiloqramda da üç cüdoçumuz medala iddialılar sırasındadı. Elmar Qasımov, Elxan Məmmədov və Zəlim Kostoyev. İlk ikisi bu kimi turnirlərdə dəfələrlə fərqlənibsə, gənc Kostoyev də doğma divarlar arasında medal seriyasını açmalıdı. Hərçənd, bu heç də asan olmayacaq. O, öncə qrupda hollandiyalı Mixael Korrel səddini keçməlidi.

+100 çəkidə isə əsas diqqət gürcü legioner Uşanqi Kokauridədi. Digərlərinin medal şansları olduqca aşağıdı. 

Qadınların hər birinin şanslarını isə eyni çatı altında birləşdirmək olar. Ölkədə son illər qadın cüdosunda müşahidə edilən tənəzzül əmin danışmağa imkan vermir. Sadəcə, yuxarıda qeyd edildiyi kimi, iddialıların "istirahət götürməsi" müəyyən fürsət yarada bilər.  

Sahib ƏSƏDBƏYLİ