Əfsanəvi amerikalı boksçu, sabiq dünya çempionu Evander Holifild WBA, WBO, IBO və IBF kəmərlərinə sahib olan Aleksandr Usik ilə dialoqu barədə danışıb. Sport24.az xəbər verir ki, ukraynalı boksçu karyerası ərzində keçirdiyi 20 peşəkar döyüşün heç birində uduzmayıb.
Hamı onun Tayson Fyuri ilə döyüşünü səbirsizliklə gözləsə də, tərəflər hələ də razılığa gələ bilməyib.
Holifild deyib ki, Usikə hər zaman simpatiyam olub: "Əvvəllər onunla şəxsi tanışlığım yox idi. Amma ilk görüşümüzdə başa düşdüm ki, mənim və karyeram haqda demək olar, hər şeyi bilir. Mənim kimi olmaq istədiyini dedi. Əvvəlcə kruzerveytdə (orta ağır və ağır çəki dərəcəsinin arası) çempion olduğumu, sonra da ağır çəkidə zəfər əldə etdiyimi xatırlatdı. ''Mən də bu yolu təkrarlamaq istəyirəm'' dedi. Açığı, çox təəccübləndim. Belə çıxır, o, karyeramı, atdığım bütün addımları diqqətlə izləyib. Ona görə də indi nə etmək lazım olduğunu gözəl bilir''.