"Qəbələ" İdman Klubunun boksçuları növbəti uğura imza atıblar. Sport24.az xəbər verir ki, kişi boksçular arasında Azərbaycan çempionatında fərqləniblər.

 

Boks Mərkəzində təşkil olunan çempionatda "Qəbələ"nin idmançıları üç medal qazanıblar. 75 kq çəki dərəcəsində çıxış edən Kamran Şahsuvarlı bütün rəqiblərinə qalib gələrək Azərbaycan çempionu tituluna yiyələnib. Fəxri kürsünün ən yüksək pilləsinə qalxan boksçunun komanda yoldaşları gümüş və bürünc medal əldə ediblər. Elbrus Adigözəlov (60 kq) yalnız finalda uduzaraq ikinci yeri tutub. İlqar Şıxlarov (67 kq) isə bürünc medala sahib çıxıb.

 

Beləliklə, qəbələli boksçular ölkə çempionatını 1 qızıl, 1 gümüş və 1 bürünc medalla başa vurublar.

 

Qeyd edək ki, yarışda ölkənin müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 41 komandanın 167 boksçusu qüvvəsini sınayıb. 6 gün davam edən turnirdə 13 çəki dərəcəsi üzrə mükafatçılar müəyyənləşib.